Aldanışa zəmin olan 3 göstərici
- mhajieva
- Aug 13, 2024
- 2 min read
Updated: Oct 5, 2024
Bir öncəki yazılarımda da qeyd etdiyim kimi, aldanmaq hələ yanmaq demək deyildir. Aldanmaq əsasən, şirin yuxu kimidir, həzin dəniz dalğaları kimi insanın ruhunu oxşayar. Yanmaq isə oyanmaqdır, həyata (gerçəkliyə) qayıtmaqdır bir növ. Bu yazı oyanmaq deyil, yuxuya getməkdən bəhs edir. Hər iki tərəfin rol aldığı aldanışın baş verməsinə zəmin yaradan səbəblərə nəzər salmaq istərəm.

1. Nəfs və ya tamah
Yalan və aldanışdan bəhs edərkən, adətən, hadisənin yalnız bir tərəfinə - aldadan tərəfə diqqət edilir. Lakin mən bu hadisənin həyata keçmə səbəblərini hər iki tərəfdə görməyə meylliyəm. Aldanılan tərəfin nəfsi (tamahı) kimi gözardı edilməyəcək təsiredicilər də var. Misal üçün biri (aldadan) öz şəxsi maraqları üçün insan ovuna çıxar, digəri isə (aldanan) o birinin var-dövlətinə tamah saldığı üçün, əslində, ovlanmaqda olduğuna özü də bilmədən göz yumar. Və beləcə, aldanış baş tutar.
Tamah heç də həmişə maddi faktorlarla bağlı deyildir. Məsələn, biri özünü qurban kimi göstərməklə insanlardan istifadə etməyə çalışarsa, onun ovlaya biləcəyi insan kütləsi kömək etməyə olan hərisliyi ilə tanınır. Niyə məhz hərislik kimi ifadə etməyi seçirəm? Bəzən bir insanın tamahı var olmasının mənasını birinə kömək etmək, birini xilas etməkdə görməsidir. Bu haqda daha ətraflı bir öncəki yazılarda bəhs etmişdim (Bax: “Odla oynamaq: Bu alov səni nə ilə üzləşdirir?”).
2. Güc üstünlüyü
Zəminlər arasında diqqətə layiq olan önəmli faktor güclərin bərabərzisliyidir. Güc özünü fərqli şəkillərdə göstərə bilər, məsələn:
Təcrübə üstünlüyü.
Ən bəsit misal, yetkin-uşaq münasibəti olardı. Bir yetkinin bir uşağı aldatması çox daha asandır, nəinki başqa bir yetkin insanı..
Bir başqa misalda, bir sahədə mütəxəssis olan birinin həmin sahədə məlumatsız olan bir digər insanı aldada bilmə imkanı daha yüksəkdir.
Zəka üstünlüyü.
Yetkin-uşaq misalı, əslində burda da yerinə düşərdi. Lakin bir başqa misalla desək, hisslərini görməzdən gələn və yalnız məntiqinə əsaslanan birinin emosional zəkası üstün olan biri tərəfindən aldanılması imkanı daha yüksəkdir.
Sosial status üstünlüyü.
Cəmiyyət tərəfindən qəbul olunmuş birinin həmin cəmiyyətin sadə üzvlərindən birini aldatma gücü daha yüksəkdir. Ona müqavimət göstərmək çətindir, çünki sadəcə o insana deyil, ona inanan bir çox insana da müqavimət göstərmək zəruri olur.
İqtisadi güc üstünlüyü.
Tərəflərdən biri digərinə iqtisadi olaraq bağlıdırsa, o tərəfin yalanlarına aldanma ehtimalı daha yüksəkdir.
Kəmiyyət üstünlüyü.
Aldadan tərəf say çoxluğu ilə aldanılan tərəfdən güclüdür. Aş eksperimenti buna bariz misaldır (Bax: ).
Və s.

3. Zaman darlığı
Zaman yalnız həqiqətin xeyrinə işləyir, bu isə aldadana sərf etmir. Yalanı davamlı etmək aldadan tərəfdən yüksək səy və güc tələb edir. Bir yalançı (yəni aldadan) aldadarkən, əsasən, təəssürat yaradaraq gerisini aldatmağa çalışdığının xəyal gücünə buraxar. Aldanışın iki tərəfi olduğu üçün, aldanan tərəf tamahının tələsinə düşərək, yalançının saxta təəssüratları əsasında qurduğu xəyala inanmaq istər və aldanış həyata keçər.
Lakin bu hadisə zaman qarşısında acizdir. Odur ki, aldadanın edə biləcəyi ən güclü addım tələsdirmək, və təəssürata qapılmışkən öz qurbanına istədiyi əməli ertələmədən etdirməkdir.
Commentaires