Odla oynamaq: Bu alov səni nə ilə üzləşdirir?
- mhajieva
- Jul 29, 2024
- 3 min read
Updated: Oct 5, 2024
Çoxunuza tanış olan klassik bir sevgi hekayəsini göz önünə gətirin. Özünü sevməyən, qəbul etməyən, bəlkə də sevilməyə layiq görməyən bir insan günlərin birində bir başqa kəsə aşiq olar. Zaman keçər və “mən necə kor olmuşam?” sorğulama və ya günahlandırmaları başlar.
Gələn o peşimanlıq niyədir? Axı o gözəl hislər sevən tərəfin qəlbindən saçırdı. Sevilən tərəfin bunun üçün heç bir səy göstərməsinə ehtiyac yox idi. Oysa ki, hisslər aldatmır, onların hara aid olduğunu qarışdıran, oyun oynayan həmişə ağıldır. Birinə aşiq olarkən, onun gözünə-qaşına aşiq olmazsınız, tərsinə, məhz aşiq olduğunuz üçündür ki, o kəsin gözü, qaşı sizə gözəl görünür. Onu görmək istədiyiniz kimi görərsiniz və bu, adətən, şirin bir aldanışdır.
Eşq tükəndikdə, həmin o aşiq olduğunuz kəsin sandığınız kimi olmadığı ilə üzləşdikdə şirin bir yuxudan oyanmış kimi, bir başqa sözlə, aldanmış hiss edərsiniz. Məhz burada mənim bir sualım var, bəs aldadan kimdir?
«Yalançı tamahkarı aldadar» (Azərbaycan atalar sözü)

«Tamah» Azərbaycan dilinin izahlı lüğətində «Bir şeyi əldə etməyə göstərilən hədsiz arzu; hərislik, acgözlük, bir şeydə gözü qalma» kimi açıqlanır (Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə, «Azərbaycan dilinin izahlı lüğəti», IV Cild, Bakı, 2006 / obastan.com). İngilis dilində «greed» sözü "xüsusilə sərvət və ya mal-dövlət üçün həddindən artıq və ya çılğın istək» kimi (dtionary.com), və ya «lazım olduğundan daha çox şeyə (pul kimi) eqoist və həddindən artıq istək» kimi (merriam-webster.com), ruscadan «xəsislik, istəklərini təmin etmək üçün həddindən artıq həvəs» («Толковый словарь русского языка», С. И. Ожегов и Н.Ю.Шведова / ozhegov.info).
Biz bu hissin bəzən yalnız nadan insanlara aid olduğuna inanarıq. Halbuki məncə tamah hər birimizin zamanla yaşamış olduğumuz hissləri açıqlaya bilir. Mən bu atalar sözündəki «tamahkarlıq» sözünü aclıq, doyumsuzluq kimi də anlayıram. Məsələn, sevilməyə olan tələbatımız, doyumsuzluğumuz, elə bir növ sevgiyə olan tamahkarlığımızdır. Yaxud da, bir başqasının diqqətinə olan ehtiyacımız, bəzən başqasının diqqətinə olan doyumsuzluğumuzdur gəlir. Zamanında ana-atasının doyurmadığı uşağı, indi böyüdüyü halda bir başqaları doyura bilməz.
Sevilmək istəyirsə bir insan, özü özünü sevmədiyi halda, bir başqasının onu sevməsini arzulaması bir növ tamahkarlıq, bəlkə də riyakarlıq deyildirmi? Məgər burada baş verən özü elə aldanış (özünü aldatma) deyildirmi?
Aldanan tərəfə sormalı: bəs sən özünü nədə aldadırsan, sənin özünə qarşı olan riyakarlığın nədədir?
«Yanan da mən, yaman da mən?»
Yanlış anlaşılmaq istəməzdim, aldanılan tərəfi günahlandırmaq deyildir niyyətim. Sadəcə, bu yazılarda çıxış yolunun yalnız birtərəfli olmadığına diqqət çəkmək istərəm. Aldanışı dayandırmaq aldadan tərəf kimi, aldanılan tərəfin də iradəsilə mümkündür, deyə vurğulamaq istərdim.
İstisnalar təbii ki, vardır. Məsələn, tərəflərin gücü bərabər olmadıqda, xüsusilə də aldadan tərəfin gücü (təcrübəsi, zəkası, sosial statusu, iqtisadi gücü, sayı və s.) üstün gəldikdə, aldanılan tərəfdən bu yalanı bitirmək üçün iradə, cəsarət gözləmək bəlkə də acımasız yanaşma olardı. Halbuki bu belə, zənnimcə, çarəsi olmayan hal deyildir.
Aldanış istənilən halda yanmağa gətirib çıxara biləcək bir hadisədir, çünki gözünü açmaq, oyanmaq, gerçəklərlə üzləşmək, onu qəbul etmək bir şəkildə yandırar insanı. Bəzən həqiqət belə gözünü açmaq, oyanmaq qədər yandırcı deyildir. Halbuki yanmaq özü belə heç də hər ruh üçün son demək deyildir, çünki odda hər ruh yamaz.

Nümunə olaraq ən az insan ruhu qədər əsrarəngiz və mistik olan Simurqu yada salaq. Fərqli ədəbiyyatlarda Simurğ, Senmurv, Feniks, Səməndər quşu, Zümrüd quşu kimi tanıdığımız Simurq insanı etdiyi yaxşılıq qarşılığında dünyanın bir ucundan başqa bir ucuna aparır (H.İsmayılov, 2002). Onun əsas özəlliklərindən biri odur ki, odda yanmaq Simurq üçün yenidən doğulmaq demədir, və hətta bəzən odun qoruyucusudur Simurq.
Mən deyərdim, həqiqət və yaxud (aldanışdan) oyanmaq hər nə qədər yandırıcı olur-olsun, ondan qorxmayan, bəzən isə qorxmasına rəğmən gerçəkliklə üzləşməyə cəsarəti yetən birini aldatmaq mümkün deyildir. Bəzən özü ilə, qorxuları, ehtiyacları ilə üzləşməlidir insan. Başqasından umub da, özündən ala bilmədiyini ilk başda özünə borcludur insan. Valideynlərinin sevgisinə doymamış birinin yetkinləşdikcə özünə sevgi borcu vardır, məsələn. Aldanılmağa öyrədilmiş bir uşağın, yetkin çağına çatdıqda özünə bir həqiqət borcu vardır. Bir başqa deyimlə, konfort zonadan çıxmaqdır yanmaq. Böyüdükcə böyüklərin yanında məsumiyyət haqqımız azalır. Artıq aldanmaq, təkcə sizi aldadanın daşıdığı yük deyildir. Və manipulyasiyadan (aldanışdan) tək çıxış yolu, yalnız qarşı tərəfin (aldadanın) vicdanına qalmayıb, həm də sizin seçimlərimizdə gizlidir.
Aldanış aldadan və aldanan tərəfin birlikdə qaladığı bir oddur. Odla oynamaqdır və bir yanma hekayəsidir. Gec-tez üzləşməyə gətirib çıxarır. Bu odda aldadan və aldanılan davamlı yer dəyişir. Aldadan tərəf aldanılmağa da məhkumdur. Nəticə etibarilə, bir başqasını aldatmağın ən təsirli yolu öz yalanına inanmaqdır — aldanmaqdır, elə deyilmi? Odur ki, aldananmı aldadır, yoxsa aldadanmı aldanır, bəzən heç də bəlli deyildir.
Dolayısıyla, adlanış bir növ odla olan oyun kimidir. Bu od əlbət ki bir gün yandırar, gerçəkliklə üzləşməyi məcbur qılar. Üzləşməyə kimin gücü yetsə, o bu oddan sağ çıxar, bəlkə də Simurq kimi yenidən küllərindən doğular.
Orucov, Ə. (2006). Azərbaycan dilinin izahlı lüğəti, IV Cild. Bakı: Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi Adına Dilçilik İnstitutu. "Şərq-Qərb".
С. И. Ожегов, Н. Ш. (1992). Толковый словарь русского языка. Издательство "Азъ".
Cəlal Bəydili, İ. A. (2004). Atalar sözü. Bakı: "Öndər Nəşriyyat".
Hüseyn İsmayılov, Ə. Ə. (2002). Azərbaycan Şifahi Xalq Ədəbiyyatına Dair Tədqiqlər. Bakı: "Səda" nəşriyyatı.
"Simurgh" by Dana Al Rashid
"Burning" by J C
merriam-webster.com
dictionary.com
obastan.com
ozhegov.info
Comments