Bəlkə də İnsanın Cəhənnəmi elə Öz İçində Gizlidir
- mhajieva
- Jul 19, 2024
- 3 min read
Updated: Jul 22, 2024
Niyə bəzən bir şeyi çox istədiyimizdə ona nail olmağımız çətinləşir? Ona hər yaxınlaqşdırca, o bizdən bir o qədər uzaqlaşır? Buradakı qanunauyğunluq nədir, nəyi gözdən qaçırırıq?
Zənn edirəm, şüurumuzdan kənar qalan, instinklərimiz bəzən bizə nəyin xeyirli olduğunu bizdən daha yaxşı bilir. Misal üçün uzun müddət iş axtarıb, anlam verə bilmədiyi şəkildə işsiz qalması ona acı verdiyi kimi, həm də fikir etməsinə səbəb olur. Və bu fikirlər, əsasən, boşdur, yanlış yerdə axtarılan cavablardır. İnsanı heç yerə çıxarmadığı kimi, içini gəmirir, yeyib-bitirir. Halbuki bəlkə də, iş tapmaqdan daha öncə diqqət yetirməli olduğu, amma əsla görmək istəmədiyi başqa bir (daha əhatəli) həqiqət vardır. Hansı ki, bu halda iş tapmaq, böyük ehtimalla dərdinə çarə olmayacağı kimi, həm də var gücü ilə qaçdığı həqiqətlə daha acı şəkildə üzləşməsinə gətirəcəkdir. Belə olan halda, işə alınmamaq üçün, ağlımızın yetmədiyi öz-sabote ilə qarşı-qarşıya qalırıq. Davamlı olaraq nə iş, nə də huzur tapmayışımızla baş-başa qalırıq, elə deyilmi?
3 Misal:
"Mən pozitiv insanam" deyibən, neqativ olan bütün hislərini basdırmaq, onlar əsla var ola bilməzmiş kimi, bəzən ağlamaq, yas tutmağın da lazım olduğunu inkar etmək də bir yerə qədər aparır insanı. Həyat neqativdən ibarət olmadığı kimi, pozitivdən də ibarət deyildir. Burada yalan pozitivliyi həddən artıq yücəldərək, neqativliyin də bu həyatda var olma payını israrla inkar etməkdir.
Bir başqa misalda, xoşbəxtliyi əsasən və ya ancaq pulda görən birinin sonda pula boğulması, çoxlu pula sahib olaraq xəyalına çatması onun həm də ruhunun cəhənnəmi ola bilər. Hər nə qədər xəyalına yaxınlaşırsa, bir o qədər də özünü aldatdığı, özünə qarşı səmimi ola bilmədiyi, canını acıtan, bir sözlə, acı həqiqətlə üzləşməyə məruz qalır. Buradakı acı həqiqət insanın xoşbəxtliyinin əslində pulun çox olmasından deyil, daha başqa mənbədən qaynaqlanmasıdır.
Yaxud da, məsələn, qurban psixologiyalı bir insanın cəhənnəmi, əslində, heç də həmişə qurban olmadığı gerçəyi ilə üzləşməsidir. Və ya əksinə, əslində hadisə(lər)nin qurbanı olan birinin əsla bunu qəbul etməməsi, lakin filan hadisə(lər)də əslində qurban olduğu gerçəyi ilə üzləşməsi o insanın bir növ cəhənnəmi deyildirmi?
Bir sözlə, bir insanın bəlli bir dönəmə qədər doğru bildiklərinin günün birində yanlış çıxması o insanın bir növ cəhənnəm əzabıdır, insan ruhuna bir iztirabdır.
Burada metafora: Cəhənnəm = ruhun iztirabı, əzabı

İnsan əsasən qaçır, ertələyir. Bəzi anlar insana həqiqət sadəcə acı deyil, daşıması da ağır gəlir ki, bu üzdən "zamana burax" kimi deyilən ifadələr bəzən yerinə düşür. Hər şeyin doğrudan da öz zamanı vardır. Ağlı yetmədiyi üçün deyil, hazır olmadığı üçün qaçır bəzən insan. Hazır olmadığı halda, nə qədər aqil olursa-olsun insan, baxdığını görə, dinlədiyini duya bilmir. Özü ilə üzləşərək həqiqəti qəbul edə bilmir.
Canının acımasından hər nə qədər qaçarsa insan, bu qaçışın çıxış yolu olduğunu sanmıram. Ağıl belə bir yerə qədər xidmət edir insana, ağıl belə bir yerə qədər oyun oynaya bilir insana, özünü aldatmanın belə ömrü vardır. Həqiqət heç zaman yoxa çıxmadığı kimi, sonsuza qədər də görməzdən gəlinə bilmir.
Bir sözlə yalan, həmçinin özünü aldatma zamana qarşı acizdir. Son olaraq qeyd edim ki, zənnimcə, bir insanın cəhənnəmi onun özünə etiraf edə bilmədiyi gerçəklərlə üzləşmək məcburiyyətində qalması anıdır. İlk başda inkar edər, sonra fikir edər, analiz edər, onu fərqli şəkillərə bürüyərək gizlətməyə çalışar. Lakin bütün bunlar bir yerə qədər işləyər və bir gün həqiqət onu gizlətməyə çalışan insanın canını yandıraraq ortaya çıxar. Çoxlarımız bunu acı bir hadisə olaraq qəbul etsək də, bir digərlərimizin fikrincə isə bu üzləşmə xeyirli bir hadisədir. Mən, əsasən, ikinci fikri təmsil edirəm, ancaq həm də inanıram ki, bu yalnız təbii yolla, insanın özü bu üzləşməyə gəldiyi zaman xeyirlə nəticələnir.
__________________________
Visual art by Cal Redback.
Comments