top of page

Aldanış: Od olmadan yanmağın necə bir hiss olduğunu bilirsiniz?

  • Writer: mhajieva
    mhajieva
  • Jul 22, 2024
  • 2 min read

Updated: Oct 5, 2024

Aktuallığını heç zaman itirməyən, və mənim də öyrənib təcrübə etdiyim mövzudan başlayıram. Çox güman ki, "manipulyasiya", "qazlaytinq", "qosting", "Sevgi bombardmanı" və s.... bütün bunlar, hər birinizə tanış olan terminlərdir. Ad, şəkil, hadisələr dəyişir, lakin məğz həmişə eynidir - YALAN.


Adətən, insanlar yalanı ifşa etmək, onunla mübarizə aparmaq üçün yollar axtarır. Yaxud da, əksinə, bir başqasını manipulə etməyin yollarını axtaranlar da olur.  Yazılarımda, əlbət ki, bu məqamlara da yer verməyə çalışacağam. Lakin, internetdə onsuzda yayğın olan tövsiyyələrin kənarına çıxaraq, siz oxucularla birlikdə məsələnin daha dərinlərinə qərq olmaq istərəm.


Oxuduğum, təcrübə və müşahidə etdiyim bir çox nümunələrdə diqqətimi çəkən məqamlardan bir qismi də yalan mövzusu ətrafında cəmlənirdi. Bu yolda yalan və ya yalan danışmaqdan daha ötə, bir başqa nüans, aldanış hadisəsi nəzərimi daha çox çəkir. Aldatma/aldatmaq sözünü xüsusilə, seçmədim, çünki aldatmaq birinin başqasına tətbiq etdiyi əməldir. Yəni mənim baxmaq istədiyim bütöv baxış bucağı üçün yetərsiz və məhdud qalır. Mən isə aldanışı yalnız aldatmağa çalışan tərəfin "uğur"-u kimi deyil, həm də aldanmaqda olan tərəfin açıqlığı, mövcud şərtlər və digər təsirləri də özündə ehtiva edən hadisə olaraq dəyərləndirməyə niyyətliyəm.


Digər tərəfdən isə, azərbaycandilli ədəbiyyatda bu məzmun adətən "yalan" termini ilə təqdim olunmasını nəzərə alsaq, mənim zənnimcə bu ifadə məzmunun müzakirəsində yanılmalara açıqdır. Bu səbəbdən elmi ədəbiyyatda "deception" (En) və "обман" (Ru) kimi ifadə olunan məvhumun azərbaycanca alternativi kimi "aldanış" ismini seçirəm, hansı ki, həm də neytral səslənib hadisənin tərəflərindən biri ilə asossiasiyadan daha uzaq qalır.


Beləliklə, bu seriyadan olan yazılarımı ALDANIŞ başlığı altında cəmləyirəm.


“Özümə bir həqiqət borcum var.”

"Burn" by Diyar Shahbaz
"Burn" by Diyar Shahbaz | diyarshahbaz.com

Bu mövzu haqda hər düşündükdə, ağlımda canlanan şəkil, adətən od, alov, yanmaq ilə bağlıdır. Zənnimcə, aldanmaq hələ yanmaq demək deyildir. Mənim nəzərimdə, yanmaq hissi daha çox aldanışdan oyanmaqla, oyanış ilə bağlıdır. Oyanmadan aldanmış olduğunu hardan biləsən ki, elə deyilmi? Odur ki, bu seriyanın əsas şəkli ALOV olacaqdır.


Şəklin müəllifi olan Diyar Şahbazın özünəməxsus rəng seçimi və stili var. Amma ən çox təəsirləndiyim işi məhz budur - "Burn". Müəllifin gördüyü bəlkə də fərqlidir, amma mənə bu şəkil qeyri-müəyyənlikdə itmiş olan birinin öz yolunu tapmaq üçün ilk öncə özünü tapmaq zərurəti ilə üzləşməsini - oyanması, yanmasını təcəssüm etdirir.


Aldanış üzrə yazdığım və yazmaqda olduğum məqalələri artıq dörd dildə (Az, Ru, En, Tr) oxuya biləcəksiniz.





Sizə bütün azərbaycanlılar kimi, həm də mənim hislərimə toxunan bu parçanı dinləməyi təklif edirəm. Mahmut Orhan və Kənan Bayramlının ifasında Bayatı Şirazın bu versiyası "aldanış" kateqoriyası altında yazdığım silsilə yazılarda duyğularımı müşayiət etdi.






Ümid edirəm ki, mən yazmaqdan, siz də oxumaqdan zövq alacaqsınız.

Comments


  • linkedin
  • instagram
  • goodreads
  • facebook
  • threads

© 2025 by @mhajieva. All rights reserved.

bottom of page