top of page

Qeyri-müəyyənliyin izində: Elm, yoxsa Din?

  • Writer: mhajieva
    mhajieva
  • Aug 27, 2024
  • 8 min read

Yəqin ki, elm-din, elm-psevdoelm kimi qarşılaşdırmalara mütəmmadi rast gələnlərdənsiniz. Bu yazını yazmağıma, mən də daxil olmaqla, Türkiyə və Azərbaycanda çoxlarımızın rəğbət və hörmət bəslədiyi, Prof. Dr. Celal Şengörün bənzər mövzudakı fikir və müzakirələri ilham olmuşdur. Biliyi və zəkası önündə, Prof. Dr. İlber Ortaylının ifadəsi ilə desəm, “yarı-cahil”, hətta “çox yarı-cahil” qaldığımı qəbul etməyimə baxmayaraq, bu mövzuda öz dar pəncərəmdən olan baxış bucağımı ifadə etmək istərəm.

Hesab edirəm ki, əgər önümüzdəki sual bir seçim və ya müqayisə məsələsidirsə, bunu məhz nəyə əsasən, hansı prizmadan etməli olduğumuz vacibdir. Mən bu mövzuda qeyri-müəyyənlik anlayışını din və elm müqayisəsində bir əsas olaraq dəyərləndirəcəyəm.

Bunun üçün öncə qeyri-müəyyənlik, elm və din deyərkən məhz hansı anlayışları ifadə etməkdə olduğumu açıqlamaq istərdim.


Qeyri-müəyyənlik

Qeyri-müəyyənlik (AZ) • Belirsizlik (TR) • Uncertainty (EN) • Неопределённость (RU)

Qeyri müəyyənlik müxtəlif dillərdə kəskin sərhədləri qərarlaşdırılmamış olan (Türk Dil Kurumu Sözlükleri, n.d.), dəqiqləşdirilməmiş, qətiləşdirilməmiş (Ожегов & Шведова, 1952), aydın olmayan, hal, vəziyyət kimi açıqlanır(Orucov et al., 2006; Uncertainty, n., 2023). Qeyri-müəyyən isə həm də təsadüf və ya şansa bağlı bağlı olan kimi ifadə edilir (Uncertain, Adj., 2023). Mən isə, öz növbəmdə, qeyri-müəyyənliyi, yalnız qismən aydın olan, bulanıq bir hal, həm də bir gerçəklik olaraq qəbul edirəm.

Məchul (AZ) • Bilinmeyen (TR) • Unknown (EN) • Неизвестный (RU)

Burada, qeyri-müəyyənlik ilə qarışdırılmaması üçün, bir digər – məchulluq anlayışını ayırd etməyə ehtiyac görürəm. Fərqli mənbələrdə bəzən məchulluq ilə qeyri-müəyyənlik eyni və ya oxşar mənanı ifadə etsə də, burada bir fərq sezirəm. Belə ki, bu yazıda bəhs edəcəyim şəkildə, əgər qeyri-müəyyənlik qismən aydın olan, qismən bilinən, bulanıq hal kimi götürülürsə, bilinməzlik isə, naməlum olan, tamamən bilinməyən, heç tanınmayan, xəbərsiz olduğumuz haldır.

Xülasə, əgər işığı bir aydınlıq, qaranlığı isə bir işıqsızlıq olaraq qəbul etsək, o zaman məchul olan bir qaranlıq, həqiqi olan isə ala-torandır.

"The Maillis Way" by Matt Porteous & Crystal Dinosaur
"The Maillis Way" by Matt Porteous & Crystal Dinosaur

Elm

Elm (AZ) • Bilim (TR) • Science (EN) • Наука (RU)

Elm sözünün dörd fərqli dildə izahına nəzər saldıqda onun ilk öncə bir sistem olduğunu və biliyi təmsil etdiyini görürəm (Orucov, Abdullayev, Rəhimzadə, et al., 2006a; SCIENCE Definition & Meaning | Dictionary.Com, n.d.; Science Definition & Meaning - Merriam-Webster, n.d.; Türk Dil Kurumu Sözlükleri, n.d.; Ожегов & Шведова, 1952).

Elm biliyi məhz elmi metodla əldə etməyə əhəmiyyət verir. Elmi metod və ya yanaşma inancları formalaşdırmaq və sınamaq üçün qərəzsiz müşahidədən istifadə etmək üsulu (Mitchell & Jolley, 2013) kimi təsvir edilir. Yəni, elm qərəzsiz, obyektiv müşahidə əsasında formalaşdırdığı ideyanı sınayaraq onu təstiq və ya təkzib edir, sonunda isə ictimaiyyətlə paylaşır. “İnancları formalaşdırmaq” deyərkən, məhz ölçüləbilən, təstiq və ya təkzib edilə bilən nəzəriyyələr, yaxud da Stanoviçin ifadəsi ilə desək, həll edilə biləcək məsələr nəzərdə tutulduğunu vurğulamaq istərəm (Stanovich, 2013). Misal üçün, qeyd edim ki, məhz bu kimi xüsusiyyətlərlə ziddiyət daşıdığına görə, Z. Freydin bir çox ideyası elmi nəzəriyyə olaraq qəbul edilmir və ya bir elm olaraq psixologiyada təmkinlə qarşılanır.

Dolayısı ilə, elmi yanaşma bir ideyanı (bir başqa sözlə, fikir, iddia, nəzəriyyə) isbat etmədikcə onu fakt olaraq qəbul etmir. Hər hansı bir ideya ölçüləbiləcək anlayış deyilsə, elm onu yenə də bir elmi ideya olaraq qəbul etmir. Bir şeyin Bir şeyin varlığı və ya yoxluğunun isbat edilə bilməsi elmi yanaşmada vacib hesab olunur. Elmi yanaşma maraq və şübhə üzərindən davranır, dəlilə əsaslı bilgiyə etimad edir.

Bu yazıdakı müqayisədə elmi bir institutlaşmış sistem, elmi qurum kimi deyil, hadisələrə baxışında əsas götürdüyü yanaşmanı – elmi yanaşmanı, nəzərdə tutacağam.

Din

Din (AZ) • Din (TR) • Religion (EN) • Религия (RU)

Eyni şəkildə din sözünün də müxtəlifdilli mənbələrdəki izahına baxsaq, rus və azərbaycan dilli mənbələr dini bir tərəfdən “ictimai şüur forması” olaraq tanıyarkən (Orucov, Abdullayev, Rəhimzadə, et al., 2006b; Ожегов & Шведова, 1952), bu mənbələrin hər biri, dinin həm də bir institutlaşmış sistem olduğunu ifadə edir (Orucov, Abdullayev, Rəhimzadə, et al., 2006b; Religion Definition & Meaning - Merriam-Webster, n.d.; Türk Dil Kurumu Sözlükleri, n.d.; Ожегов & Шведова, 1952). Burada din ilə elmin ortaq cəhətlərindən birini, institutlaşmış, təşkilatlanmış olmasını, görürəm.

Bir digər diqqət çəkən məqam isə dinin xariqüladə qüvvələrə məhz inanma, tapınma və boyun əyməyi sistemləşdirməsidir (Orucov, Abdullayev, Rəhimzadə, et al., 2006b; “Religion, n.,” 2023; Türk Dil Kurumu Sözlükleri, n.d.; Ожегов & Шведова, 1952). Burada boyun əymək, tapınmaq hissəsini, mən, pərəstiş etmək, yaxud da birinin önündə alçalmaq olaraq deyil, qəbul etmək olaraq qiymətləndirirəm.

Qəbul edək ki, din bu yazının hüdudlarını aşa biləcək qədər çox dərin və geniş müzakirə ediləbiləcək mövzudur. Ona görə, bu yazıda dini də elm misalında olduğu kimi, bir institut və ya fərqli dini inancların (Xristianlıq, İslam, Buddizm və s.) qiymətləndirilməsi olaraq deyil, dinin önəmli ünsürlərindən biri olan inanmağı bir yanaşma olaraq götürürəm. Dini yanaşma kimi ifadə edəcəyim bu tərəf (və ya dəyişən) sadəcə qəbul edən və inanmaq üçün dəlilə ehtiyac duymayan baxış bucağını əks etdirir.

"The Long Journey II" by Kevin Krautgartner
"The Long Journey II" by Kevin Krautgartner

Celal Şengör haqsızdırmı?

Şengör öz ifadəsində dini baxışı, insanın inanmaq istəyini, yoxsa dini bir təşkilatlanmış nəsnə, institut olaraqmı tənqid etməkdə olduğunu ayırd etməkdə bəzən çətinlik çəkirəm.

Lakin “Birbirini yalanlayan inançlarla bilim yapılabilir mi?” (Türkcədən tərcüməsiz) adlı mühazirəsinə əsaslanaraq daha çox yanaşma, metod analizi etdiyini anlayıram. Eyni mühazirədə dinin izah və sosial davranışı nizama salmaq xüsusiyyətlərini açıqlaması ilə, Şengör həm də dini bir yanaşma və bir qurum olaraq bir-birindən ayırd edir. Mühazirədə, yalnız elmi və dini yanaşmanı deyil, eyni zamanda, fəlsəfə kimi təcrübə edilmiş digər yanaşmaları da müqayisə etdiyini görürük (Celal Şengör - Birbirini Yalanlayan İnançlarla Bilim Yapılabilir Mi? - YouTube, n.d.; CELAL ŞENGÖR - DİN NEDİR? - YouTube, n.d.; Celal Şengör - Din Ve Bilim | Birbiriyle Çelişen Fikirlerle Evren Tasvir Edilebilir Mi? - YouTube, n.d.).

Bir digər müzakirədə, C. Şengörün iştirakını xəta və ya vaxt israfı olaraq qiymətləndirirəm. Şengörün fərqli platformalarda zaman-zaman ifadə ifadə etdiyi məntiqli düşüncəsi ilə din-elm qarşılaşdırmasını təhrik etmək potensialı olan müxtəlif debtalarda iştirak etmə davranışı arasında ziddiyyət görürəm. Məsələn, debatların biri zamanı: İştirakçı verəcəyi sualı „bizim dediyimiz doğrudursa, ki, bizim dediyimiz doğrudur, ...“ kimi başlayarkən, Şengör „o zaman mübahisəyə ehtiyac yoxdur!“ deyə cavab verir. Mənə görə, bu hər nə qədər haqlı cavab olsa da, bu müzakirədə iştirak etməyə davam etməsi bir xəta, yaxud sadəcə zaman itkisidir. Üstəlik, din ilə elmi qarşı-qarşıya imiş kimi gördüyümüz proqramın adının da siyasət ilə bağlı olması mənə ironik gəlir (“Siyaset Meydani” Din, Bilim ve Darwin (TV Episode 2009) - IMDb, n.d.).

Dolayısı ilə, Celal Şengörün fikirlərinə əlbət ki, qatılıram. Lakin bu məsələdə fəaliyyəti ilə nəyə nail olmaq istədiyini anlamaqda çətinlik çəkirəm.

Həqiqət (AZ) • Gerçek (TR) • Truth (EN) • Истина (RU) 

Elm, yoxsa din?

Daha dəqiq ifadə ilə, qeyri-müəyyənlik ilə baş etmək nöqteyi-nəzərindən, elmi yanaşma, yoxsa dini yanaşma? Dəlil ilə (ölçülərək) təstiqlənmiş bilgiyə etimad etmək, yoxsa dəlilə ehtiyac duymadan inanmaq?

Bütün bunları nəzərə alaraq, mənim gəldiyim qənaətlər aşağıdakı kimidir.

  • İnanmaq elmin təməli kimi. Elmin təsnifinə baxarkən, elmi yanaşmanın işləmə mexanizmi ilə də tanış olduq. Bir ideyanın fakt olaraq qəbul edilməsi üçün elmi yanaşma ilk öncə bir inanc, bir ideyaya ehtiyac duyur. Fərq olaraq isə, dini inanc və ya dini ideyadan ayrılaraq, inancın ölçüləbilməsi tələbi ilə çıxış edir. Yəni bir ideya ölçüləbiləndirsə, elmə təməldir.

  • Hər inanc elmə təməl ola bilmir, elmi olaraq qəbul edilmir. “Elmi olaraq qəbul edilmir” demək, elm bu inancı və ya ideyanı inkar edir demək deyildir. Nə təstiq, nə inkar edə bilmir, deməkdir.

"I Want to Believe" by Mauro Lourenço
"I Want to Believe" by Mauro Lourenço
  • İnanmaq bir ehtiyac kimi. İnsanın inanmaq ehtiyacı inkar edilə bilməz. İnsan ruh halı olaraq daimi şübhə içində var olmaqda çətinlik çəkir. Qeyri-müəyyənlik isə, insanın öhdəsindən gəlmə imkanlarını aşdığı üçün, insan psixologiyasında bir müdafiə mexanizmi işə düşür. İnanmaq, müxtəlif müdafiə mexanizmlərindən biridir. Odur ki, etiqad, bir şeyə dəlilsiz inanmaq, boyun əymək, alçaldılacaq və ya yüksəldiləcək bir hadisə deyil, sadəcə bir insan təbiəti olaraq gerçəkliyin bir parçasıdır.

  • İnanmaq bir zərurət kimi. Xariqüladə (təbiətüstü) qüvvələrə etiqad və tapınma, və ya bir başqa ifadə ilə, inanmaq və qəbul etmək insan üçün bir zərurətdir, kibirdən uzaq durmaq səyidir, kimi anlayıram. Məsələn, həyatındakı hər şeyi kontrol etməyə, hər ehtimala hazır olmağa çalışan bir insan öz səyləri nəticəsində niyyətinə nail olacağını umur. Burada özünə olan gözləntisi həyatın təbii axışına zidd olmaqla yanaşı, özündən təbiətüstü bir qüvvə gözləntisinə qapılmaqdır ki, bu bir yanılmadır. Gərək ki, təbiətüstü qüvvənin özü olmadığına inansın və bu gerçəyi qəbul etsin. Yoxsa özünə zülm etmiş olar. İnsan öhdəsindən gəlmə gücü yetmədiyi halda təslim olmağı, inanmağı seçmək məcburiyyətindədir və bu məcburiyyət də təbiətin bir qanunu, gerçəkliyin bir parçasıdır.

  • Adil müqayisə. Qeyri-müəyyənlik ilə münasibətdə din kimi elm də bir qurum və bir yanaşma olaraq iki fərqli müstəvilərdə dəyərləndirilməlidir. Məsələn, Amerika Psixoloqlar Asossiasiyası (APA) və Britaniya Psixoloqlar Cəmiyyəti (BPS) psixologiya elminin iki ayrı elmi qurumudur. Eyni şəkildə Katolik Kilsəsi ilə Pravoslav Kilsəsi iki ayrı dini qurumdur. Burada bir dini yanaşma (inanmaq) ilə BPS (qurum, təşkilat), yaxud elmi yanaşma (şübhələnmək) ilə Pravoslav Kilsəsi (qurum, təşkilat) müqayisə oluna biləcək anlayışlar deyildir.

  • Həqiqətə çatmaq istəyən kimdir/nədir? Bu mövzunun müzakirəsində, gerçəkliyi axtaran tərəfin insan olması faktoru gözardı edilə bilməz. Qeyri-müəyyənlik (öncə ifadə etdiyim kimi, həm də gerçəklik) ilə münasibətdə elmi yanaşma həqiqətə hər nə qədər yaxın olsa da, gerçəkliyi axtaran tərəfin insan olması faktoru elmi yanaşmadan əlavə həm də dini yanaşmanı vacib qılır. Bir süni intellekt sonsuzadək ölçüb-biçmək, elmi yanaşmanı tətbiq etməkdə bir insandan daha böyük imkanlara sahibdir. Lakin insanı süni intellektdən ayırd edən şey həm də hislərə sahib olmasıdır ki, bu da elmi yanaşmanın bir insan üçün təkbaşına yetərli olmadığını göstərir.

  • Sonsuz yol. Gerçəklik onsuzda sonsuzdur. Elm gerçəkliyi, və ya qeyri-müəyyənliyi hər nə qədər müəyyən etməyə çalışsa da, qeyri-müəyyənlik biz insanların qarşısına hər dəfə yeni suallar çıxarır. Əgər bir zamanlar bir vulkanın partlaması insanlar üçün qeyri-müəyyən ikən onun öyrənilərək müəyyən edilməsi bizi həyatın gerçəkliyinə bir addım yaxınlaşdırırsa, günümüzdə də kosmosdakı qara dəlik və ya hər hansı başqa bir yeni nəsnə müəyyən edilməyə möhtacdır. Bəlkə də öyrənməklə axırına çata bilməyəcəyimiz və onsuzda bir yerdə durmalı olacağımız bu sonsuzluqda, önəmli olan sual, əslində hara qədər getmək istədiyimiz deyilmi?

Yekun

Bu yazını təkcə inanan və şübhə edən biri kimi deyil, həm də zaman-zaman sevən, sayğı duyan, təəccüblənən, qəzəblənən, qorxan, kədərlənən və bir insanın yaşaya biləcəyi bir çox başqa hisslərə sahib biri olaraq yazmağa çalışdım. Elm-din, müharibə-sülh, qadın-kişi və s. mövzularda olan qarşılaşdırmalar bir qütbləşmə göstəricisidir və özü-özlüyündə həqiqətdən imtinadır. İnanıram ki, həyat ağ-qara olmayıb çoxsaylı çalara sahib ikən daha canlıdır.

Son olaraq, bu yazını Sami Yusuf ifasındakı yenidən canlanmış olan, XIV əsrin şairi Nəsiminin o əsrarəngiz sözləri ilə bitirmək istərəm.

"Məndə sığar iki cahan, mən bu cahana sığmazam" (Nəsimi)

Ümid edirəm, mən bu yazını yazarkən mənəvi hüzur tapdığım kimi, siz də oxumaqdan zövq aldınız.

Dəyərli qalın, Məlahət Hacıyeva.


Ədəbiyyat siyahısı

  • Celal Şengör - Birbirini Yalanlayan İnançlarla Bilim Yapılabilir mi? - YouTube. (n.d.). Retrieved August 26, 2024, from https://www.youtube.com/watch?v=I4dPPqXfksY

  • CELAL ŞENGÖR - DİN NEDİR? - YouTube. (n.d.). Retrieved August 26, 2024, from https://www.youtube.com/watch?v=yGar7AxVTaU&t=289s

  • Celal Şengör - Din Ve Bilim | Birbiriyle Çelişen Fikirlerle Evren Tasvir Edilebilir mi? - YouTube. (n.d.). Retrieved August 26, 2024, from https://www.youtube.com/watch?v=9grclzIrTdE

  • Mitchell, M. L. ., & Jolley, J. M. . (2013). Research design explained. Wadsworth, Cengage Learning.

  • Orucov, Ə. Ə.., Abdullayev, B. T. ., Rəhimzadə, N., & Axundov, Ağamusa. (2006a). Azərbaycan dilinin izahlı lüğəti: dörd cilddə. II Cild (Vol. 2). Şərq-Qərb.

  • Orucov, Ə. Ə., Abdullayev, B. T., Abdullayev, B. T., & Abdullayev, B. T. (2006). Azərbaycan dilinin izahlı lüğəti: dörd cilddə. III Cild (Vol. 3). Şərq-Qərb.

  • Orucov, Ə. Ə., Abdullayev, B. T., Rəhimzadə, N., & Axundov, Ağamusa. (2006b). Azərbaycan dilinin izahlı lüğəti: dörd cilddə. I Cild (Vol. 1). Şərq-Qərb.

  • Religion Definition & Meaning - Merriam-Webster. (n.d.). Retrieved August 23, 2024, from https://www.merriam-webster.com/dictionary/religion

  • SCIENCE Definition & Meaning | Dictionary.com. (n.d.). Retrieved August 23, 2024, from https://www.dictionary.com/browse/science

  • Science Definition & Meaning - Merriam-Webster. (n.d.). Retrieved August 23, 2024, from https://www.merriam-webster.com/dictionary/science

  • “Siyaset Meydani” Din, Bilim ve Darwin (TV Episode 2009) - IMDb. (n.d.). Retrieved August 26, 2024, from https://www.imdb.com/title/tt33247699/

  • Stanovich, K. E. . (2013). How to think straight about psychology (10th ed.). Pearson.

  • Türk Dil Kurumu Sözlükleri. (n.d.). Retrieved August 23, 2024, from https://sozluk.gov.tr/

  • uncertain, adj. (2023, July 20). Oxford English Dictionary; Oxford University Press. https://doi.org/10.1093/OED/7108687544

  • uncertainty, n. (2023, March 2). Oxford English Dictionary; Oxford University Press. https://doi.org/10.1093/OED/1072113979

  • Ожегов, С. И., & Шведова, Н. Ю. (1952). Толковый словарь русского языка.

Commentaires


  • linkedin
  • instagram
  • goodreads
  • facebook
  • threads

© 2025 by @mhajieva. All rights reserved.

bottom of page