Qeyri-müəyyənlik və Mən
- mhajieva
- Jan 13
- 2 min read
Bəzən həyat bizi qərar verməyə vadar edən çətinliklərlə üzləşdirir. Mütəmmadi olmasa da, “Nə edim? Necə olum?” kimi sualların meydana çıxdığı vəziyyətlərlə yenə də üzləşirik. Bu yazıda axtarış və düşüncələrə qərq olmaqla, bəlkə özümlə birgə həm də sizin bir çox suallarınıza cavab tapmanıza yardımçı olacağam.
Azərbaycan dilində məlum bir sual vardır:
“Uzaq qohum yaxşıdır, yoxsa yaxın qonşu?”
Bu misalda qonşu qohuma nəzərən daha yad səslənir. Lakin şərtlər çox şeyi dəyişdirə bilir, məhz buna görədir ki, bu sual aktualdır.
Həyatın idealdan uzaq olması gerçəyi bəzən acı hissi verir. Axı reallıqdan qaçmaq demək olar ki, mümkün deyil, yox? Odur ki, bəzən münasibətlərimizi yenidən nəzərdən keçirmək, şərtlər, gözləntilər, istəklər, imkan və dəyərlərimizi yenidən qiymətləndirməyimiz lazım gəlir. Bir sözlə, həyatı asanlaşdırmağımız lazımdır.
Azərbaycanca olan həmin o sualı mən bir də bu şəkildə qurardım:

“Dünyanın o başında var olan köhnə dost yaxşıdır, yoxsa burada və indi olan yeni bir düşmən?”
Robert Qrin “The 33 Strategies of War” (Müharibənin 33 strategiyası) kitabında dostluq və düşmənçilik anlayışlarına toxunaraq maraqlı bir misal gətirir: ingiliscədə olan enemy (düşmən) sözü latınca olan inimicus (qeyri-dost) sözündən gəlir. Bu dost – qeyri-dost yanaşması mənə bir bloq yazımda “Alien” filmi misalında toxunmuş olduğum “yad”, “özgə” məzmununu xatırladır. Bu yaxlnlarda həm də “mənim adamım (və qeydirisi)” misalı ilə tanış oldum. əlbət ki, müxtəlif adlandırmalar seçmək mümkündür, lakin məğz yenə də dəyişməz qalır.
Bu misalda həm də “burada və indi” anlayışları önəm daşıyır. Məsələn:
“Burada” deyərkən nə anlaşılır? Burada, yəni Yer kürəsində, yoxsa burada, yəni Litvada? Burada – Vilniusda, yoxsa burada – bu otaqda?
Bəs “indi” deyərkən necə? Bu il, ay, həftəmi nəzərdə tutulur? Yoxsa bu gündən bir həftə öncəsi ilə bir həftə sonrasının bütövlüyü? Sizin “indi” anıayışınız nədir?
Həyatdakı yeniliklər bir növ faktlarla üzləşmə zərurəti kimidir: evlənmə, boşanma, köç, miqrasiya, itki, aşiq olma və bir çox başqa misallar özü-özlüyündə bir gerçəkdir. Bu gerçəkliklər bizi nəticə çıxarmağa, qərar qəbul edib məsuliyyət götürməyimizə vadar edir. Bu bizdən, bəzən şüurlu fəaliyyətsizliyi də özündə cəmləşdirən fəaliyyət - davranış tələb edir.
Bilmək vacibdir ki, maariflənmək hələ həllə nail olmaq deyildir. Fərqli baxış bucaqlarını öyrənmək, əlbəttə ki, əhəmiyyət kəsb edir. Xüsusilə də, empatiya və qarşılıqlı anlayış üçün faydalıdır. Lakin həllin özü ortaq məqsəd və ya bir şeyə doğru can atmaqla başlayır. Bu isə, öz növbəsində, “mən nə istəyirəm?” sualını doğurur ki, ardınca da “bunun üçün nə edə bilərəm?” ilə davam edir.
Nəticə həmişə fəaliyyətdə, yəni davranışda əhəmiyyət qazanır. əgər mütləq ki bir məsləhət lazımdırsa, o belə səslənərdi: Hərəkətə keçin! Hərçənd, bu heç də bir məsləhət deyildir, çünki hətta hərəkətsizlik belə bir davranışdır, özü-özlüyündə bir hərəkətdir.
References
Greene, R., & Elffers, J. (2007). The 33 strategies of war. Penguin.
Грин, Р. (2015). 33 стратегии войны (Vol. 2). РИПОЛ классик.
Washington, P. (2022). BALI 2022 [Photograph].
Comentarios