top of page

Həqiqətin iki üzü

  • Writer: mhajieva
    mhajieva
  • Aug 14, 2024
  • 3 min read

Updated: Oct 5, 2024

Yalanı və yalançını ifşa etmək asandır. Çətin olan kölgədə qalan gerçəkləri aşkar etməkdədir. Bəs gizlədilən həqiqət nədir? – aldanışdan ayılmaq üçün önəmli olan sual budur.

Gerçəyi harda axtarmalı?

Təəsüf ki, gerçək həyatda bəzən həqiqətin tamamını öyrənmək mümkün olmur. Hesab edirəm ki, gerçəkliyi axtararakən yanıldığımız nöqtə aldadanın gözündən baxmağa çalışmağımızdır. Mən bunu yalançıya simpatiya duymaq kimi qiymətləndirirəm. Halbuki, əgər biz özümüzü gerçəkliyin tərəfdarı kimi görürüksə, yalançının hislərini anlamağa çalışmaq, ona empatiya qurmaq nəyə gərək? Axı biz eyni tərəfdə deyilik, elə deyilmi?

Bir digər yandan “insan gərək düşmənini yaxşı tanısın” yanaşması ilə bir yalançının baxışını anlamağa çalışmaq da bir yoldur, əslinə qalarsa. Mən burada yenə də, yalançıya ürəyi yanmaq və yalançını tanımağa çalışmaq arasındakı nazik pərdəyə diqqət çəkmək istərəm. Bəzən yalançını tanımağa, anlamağa çalışmağın arxasındakı niyyət onun kimi yalançı olmaq, hətta bəlkə ondan daha yaxşı yalançı ola bilməkdir.

Mənim təklif etdiyim yol isə, bir insanın öz gerçəkləri ilə üzləşməsi, öz baxış bucağını anlaması və ya öz hisslərinə agah olmasıdır.

Bir daha vurğulayım ki, aldanış iki tərəfin də iştirakı ilə baş tuta bilən hadisədir. Dolayısı ilə tərəflərfən biri iştirak etməzsə, aldanış da baş tutmaz. Bir insanın iradə və hüququnun ən güclü olduğu özü yerinə bir başqasının düşüncə tərzi, qərəzi, motivasiyası, hissləri, səbəbləri və s. üzərində baş sındırması uzaq yol deyilmidir? Və ya bu özü də bir başqasını manipulyasiya etmək cəhdi deyilmidir? Manipulyasiya olunmaqdan qaçmaq istəyən biri üçün bir qədər ikiüzlü davranışdır.

"Les Amants" by Thais Varela
"Les Amants" by Thais Varela

Aldanışı bitirmək ilə yalançını məğlub etmək fərqi

Bəs əgər aldadan siz özünüzsünüzsə? Bu yalanın iştirakçısı olmaqdan ən az yalan ortağınız qədər məmnunsunuzsa, necə? Sizcə, yolun sonunda sizi gözləyən gerçəklik budursa, üzləşməyə cəsarətiniz çatarmı?

Bir başqasının yalan danışmasına mane ola, dayandıra bilmərik. Nə qədər ki, sanki o kəs artıq yalanın daşını atacaqmış kimi inanca qapılarkən, onu dəfələrlə ifşa edirmişcəsinə, üzləşdirdikcə bu əlaqəni davam etdiririk, bir o qədər də öz əlimizlə bir peşəkar yalançı yetişdirmiş oluruq. Təbii ki, bura öz yalançılıq bacarıqlarımızı təkmilləşdirmək də daxildir. Aldadanın aldatmağa niyyətli olduğunu qəbul edərək, qarşılıqlı olan bu qarşılıqlı əlaqəni kəsmək, aldanışı tərk etmək bu çıxmazdan bir çıxış yoludur.

İki üz

Aldanışda həqiqətin iki üzü var: aldadanın qərəzi, aldananın tamahı. Aldadan aldatmağa çalışdığı tərəfdən onun iradəsinə zidd gələn bir şey istəyir, lakin bunu açıqlamır. Yalanı bu qərəzi gizlətməsindədir. Məsələn, iki sevgildən biri sadəcə cinsi tələblərini ödəmək üçün sevgili olmuşdur, lakin bunu ifadə etməyə çəkinir. Digəri isə ondan sevgi umur, sevilmək istəyir. Əslində hər ikisi bəzi zamanlarda bir-birinin niyyətini aşkar edir. Lakin buraxa bilmədikləri bir şey vardır ki, bu da öz tamahlarıdır (sevgi və ya cinsəl tələbat).

Nəticə etibarilə, aldanışda hər iki tərəfin bir-birinə olan gizli gözləntiləri vardır. Burada əsas fərq bir tərəfin təşəbbüskar və aktiv olması halında, digər tərəfin fəaliyyətsiz və ya passiv olmasıdır. Lakin biz fəaliyyətsizliyin də bir növ fəaliyyət olduğu qənaətindəyik, elə deyilmi? Bu səbəblədir ki, aldadanın hansı tərəf kimi görünməsindən asılı olmayaraq, mən hər iki tərəfin nəzərə alınmasını diqqətə dəyər görürəm.

Kimdir müqəssir?

Aldanışda hər iki tərəf aldadır, hər iki tərəf aldanır. Kimi qarşı tərəfi, kimi özünü aldadır. 

Hər iki tərəf günahkardırmı? Birmənalı cavab vermək çətindir. Çünki öncəki yazılarda da qeyd etdiyim kimi tərəflərin aldanışdan qaçmasına mane ola biləcək kənar təsirlər də vardır. Məsələn, güclərin bərabərsizliyi, zaman məhdudiyyəti və s. kimi (Bax: Aldanışa zəmin olan 3 səbəb).

Hərçənd, əgər sizin hekayəniz günahkarı tapmaqdırsa, çox güman gözlənilən cəzalandırmanıza bəraət qazandırmaq üzrəsiniz. Bu heç də aldanışdan çıxış yolu deyildir.

"Les Amants" by Thais Varela
"Les Amants" by Thais Varela

Oyunun sonu

Bəs çıxış yolu hardadır? Mən deyərdim, bir insanın öz gerçəkləri ilə üzləşməsi aldanış kimi ifadə etdiyimiz bu qarşılıqlı əlaqəni qırmağın çıxış yoludur. Bəzən özünün yalançı olması, bəzən sevgini başqasından ummaqla (yuxarıdakı misala əsaslansaq) yanılmış olmasını, bəzən bir çox başqa gerçəkləri aşkar edir insan.

Çünki çıxış yolu çoxdur, önəmli olan iradə sahibi bir insanın edəcəyi seçimdir. Öz gerçəkləri ilə üzləşmiş bir insan üçün bundan sonra hansı səmtə getməyə qərar verməsi çox daha asan başa gəlir. Kim bilir, bəlkə bəzi insanlar gizli istəkləri ilə üzləşsələr belə, yalançı olaraq qalmağı seçəcəklər? Bax buna deyərəm, seçim.

Comments


  • linkedin
  • instagram
  • goodreads
  • facebook
  • threads

© 2025 by @mhajieva. All rights reserved.

bottom of page