“Dogville” timsalında kibir
- mhajieva
- Sep 30, 2024
- 3 min read
Updated: Oct 5, 2024
Məncə, həyatın ən az iki üzü vardır, hansı ki, ayrılıqda deyil, məhz birlikdə dəyərləndirilməsi lazımdır.
Bizim Şərqdə inanıldığı kimi “hər gecənin bir gündüzü vardır”. Hərçənd, Şərq hələ heç də dünyanın tamamını ehtiva etmədiyi kimi, bu verilən misalın “hər gündüzün bir gecəsi var”, “hər günün sübh çağı, alatoran və s. də vardır” kimi fərqli üzləri də ola bilər, elə deyilmi?
Bəhs edilən filmin qəhrəmanı, görünən odur ki, həyatın, yaxud bəlkə də elə özünün, öz təbiətinin mərhəmət adı altında yalnız bir üzü olduğuna inanır.
Yazının davamı “Dogville” (2003) filmi haqqında (spoiler) məlumat ehtiva edir. Filmi hələ izləməmisinizsə, bu məzmunu gözardı edə bilərsiniz.
Grace: nədir o zaman məndə sevmədiyin tərəfim?
Ata: mənim kibirli olduğumu iddia etdin. halbuki bu, məhz mənim səndə sevmədiyim cəhətdir. Kibirli olan, əslində, sənsən.
Grace: bura bunları demək üçün gəlmisən? İnsanları mühakimə edən mən deyiləm, ata, sənsən.
Ata: əlbəttə, sən heç kimi mühakimə etmirsən, çünki onlara simpatiya duyursan (hallarına acıyırsan). Məhrum qalınmış bir uşaqlığa, bir cinayətkara, hansı ki, sənin üçün heç də cinayət sayılmaz, elə deyil? Sənə görə, hər şeyin günahkarı həyat şərtləridir. Təcavüzkarlar və qatillər, sənə görə, sadəcə bir qurbandır. Lakin mən onları bir it olaraq dəyərləndirirəm. öz qusuntularını yalamaqda ikən onları yalnız qamçı ilə dayandırmaq olar.
Grace: amma itlər sadəcə öz təbiətlərincə davranırlar, axı niyə onları bağışlamamalıyıq?
Ata: itlərə çox faydalı şeylər öyrətmək olar, lakin təbiətlərincə davrandıqları hər misalda onları bağışlaya bilməzsən.
Grace: deməli, mən insanları bağışladığım üçün kibirli sayılıram, olsun.
Ata: Tanrım! Bunları deyərkən necə də yuxarıdan baxmağından agahsan? Dinlə, sən heç kimin sənin qədər yüksək əxlaqi dəyərlərə sahib ola bilməyəcəyi mövhumatına o qədər bağlanmısan ki, onlara bəraət qazandırmağa çalışırsan. Bundan daha kibirli bir şey təsəvvür edə bilmirəm. Sən, mənim əziz qızım, sən başqalarını özünə əsla layiq görmədiyin bəhanələrə söykənərək bağışlayırsan.
Grace: axı niyə mərhəmətli olmayım?
Ata: ol, əlbəttə yeri gəldikcə mərhəmətli də ol. Lakin sən öz standartlarına özün də uymalısan. Bunu onlara borclusan. Öz günahlarından dolayı layiq olduğun cəza kimi, onlar da öz günahlarının cəzasına layiqdirlər.
Grace: onlar insandırlar, ata.
Ata: əlbəttə elədir, lakin hər bir insan öz əməllərinin məsuliyyətini daşımalı deyilmi? – Daşımalıdır, amma sən onları bu imkandan məhrum edirsən və bu başdan-ayağa bir kibirdir. Səni sevirəm, səni dünyalar qədər sevirəm. Lakin sən həyatım boyunca tanıdığım ən kibirli insansan. Və üstəlik mənə kibirli deyirsən... Deyəcəyimi dedim.
Grace: bu insanlar mövcud ağır şərtlər altında insan qalmaq üçün əllərindən gələni edirlər.
Ata: dediyin kimi olsun, Grace, bəs əllərindən gələn yetərincə insancadırmı?
Dogville filmindən olan bu dialoq, başda, mənə də, bir növ Grace kimi, həmsöhbətinin yekəxanalığı hissini versə də, söhbətin davamında üzümə bir sillətək dəymişdi. Qürur və kibir də digər hislər kimi, insanlara heç də yad bir fəsil deyildir, elə deyilmi?
Lakin bu film təkcə kibir hissinə deyil, eyni zamanda ədalət ilə ədaləsizlik, sülh ilə savaş və bir insanın yaşaya biləcəyi bir çox duyğu fəsillərinə toxunur.
Özü ilə aşağı-yuxarı bərabər imkanlara sahib olan insanlara yersiz bəraət qazandırmaq da bir növ ədalətsizlik, Grace-in misalında həm də bir kibir göstəricisidir. Xüsusən də, eyni xətalar üzərindən özünü əsla bağışlamazkən başqalarına bəraət qazandırma səyləri də bir növ ədalətsiz yanaşma və ya mövcud ədalətsizliyə boyun əymək, ədalətsizliyə öz töhvəsini verməkdir.
Dogville filmi misalında Grace obrazının insanları hədsiz bağışlayıcı münasibətinin hekayənin sonunda acımasız intiqam davranışı ilə sonlandığını görürük. Bəzi tənqidçilər Grace-in bu addımını yersiz görərkən, bir başqaları bunu ədalətli olaraq qiymətləndirir.
Lakin bir də Grace nöqteyi nəzərdən baxmağa çalışaq. Onun bəlkə də ədalət və ya mərhəmət kimi bir dərdi yoxdur. Onun möhkəm tutunduğu bir şey varsa, o da iki fərqli maskaya (özünün mərhəmət, atasının kibir dediyi bir üz və intiqam almağı seçərək nümayiş etdirdiyi ikinci maska) bürünmüş olan zülümün özüdür. O zülmə ya özü, ya başqaları, amma mütləq kimsə məruz qalmalı olur.
Grace-in elə ilk başdan insanlara hədsiz güzəştə gedərkən, əlsində, özünə qarşı çox mərhəmətsiz biri olduğunu görmək mümkündür. Başqalarına həddən artıq mərhəmət göstərərkən özünü mərhəmətdən məhrum edir.
Hekayədəki hadisəni həm də bullinq olaraq dəyərləndirmək olar. Bullinq özü-özlüyündə tək tərəfli bir hadisə deyildir və müxtəlif təsirediciləri olduğu kimi, müxtəlif də çıxış yolları vardır. Bullinqin hədəfi heç də həmişə bullinqi durdurma gücünə sahib olmasa da, məhz Dogville misalındakı Grace güc baxımdan heç də aciz və gücsüz bir qurban olmayıb, sadəcə öz kibirinin qurbanıdır.
Başqa cür ola bilərdimi? Bəlkə də ola bilərdi. Bəlkə də, atası ilə olan bu söhbət yalnız təcrübə ilə sabitləndiyi üçün aydınlanmaya səbəb oldu. Atası ilə olan söhbətində Grace öz təbiəti olan mərhəmətinin digər üzü – kibir ilə tanış olur.
Lakin aydınlanma yenə də həyatın gerçəyi qarşısında aciz qalaraq heç nəyi dəşirdirə bilmir. Bir zamanlar insanların ona zülm etməsinə bəraət qazandıran Grace, indi elə özü o insanların ölüm hökmünü verir. Dolayısı ilə, kibirli tərəfindən agah olan Grace yenə də öz təbiətini dəyişmiş deyildir. Bu səfər ədalət (və ya bu motivi özü hər necə adlandırırsa), naminə zülmə qarşı zülmü seçir.
Özünə zülm edən biri, başqalarına da zülm etmə potensialına sahibdir.
Comentários