Bir illuziyanın ayna effekti: "Ətriyyatçı: bir qatilin tarixçəsi" filmi timsalı
- mhajieva
- Sep 15, 2024
- 5 min read
Bu yazı bir qatil haqqında olduğu üçün, zənn edirəm, əvəllki yazılardan daha qaranlıqdır. Lakin qaranlıq da, aydınlıq qədər həqiqətin bir parçasıdır deyilmi?
Patrik Züskindin Ətriyyatçı: Bir qatilin tarixçəsi romanı əsasında, Tom Tikverin rejissorluğu ilə çəkilmiş eyni adlı filmi üzərindən danışacam. Əsərin timsalında, bir insanın oxucuların bir çoxu üçün də (bəlkə də sizin üçün deyil) ayna ola biləcək cəhətləri ilə cəsarətimi toplayıb üzləşmək istərəm.
Burada qeyd edim ki, yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.
İllər əvvəl filmi izləyərkən qatilin halına acımış, onu əməllərindən duyduğu peşimanlığı daşıya bilmədiyi üçün bu dünyadan köçdüyünü sanmışdım.
Lakin indi görürəm ki, T. Tikverin burada romantizə şəkildə etdiyi yansıtması, əslində, ən az, bir ətrin xüsusiyyəti qədər illuziyadır.
Ətir özü-özlüyündə bir illuziyadır
Hər bir insan kimi, filmin qəhrəmanı da bir var olma böhranı yaşayır. Lakin Jan-Batist öz varlığını qoxu ilə əlaqələndirir. Bunu onun öz “qoxusuzluğu” ilə üzləşdiyi səhnədə görürük. Qəhrəman sanki öz ətri yoxmuş kimi göstərilir, lakin bu hələ fakt deyildir. Bəlkə də bir psixosomatik effekt, yaxud duyğuların proyeksiyası, ya da sadəcə yazarın bir fantastik nəql etməsi və s., lakin istənilən halda bir - illuziyadır. Şüşənin belə qoxusunu duya bilən qəhrəmanın öz qoxusunu duya bilməməsi özünü var hiss etməməsinə işarədir.
İçində bir boşluq (bədəninin qoxusuzluğu) var və artıq onu doldurmaq (bir qoxuya sahib olmaq), ona özünü var hiss etmək üçün bir zərurətdir.

Üstünlük iddiası
Jan-Batistin fantastik olan qoxu duyma istedadı gözardı edilməyəcək həddədir. Kilometrlərlə uzaqda, suyun aldında olan nəsnələrin, ətri olmayan şüşənin belə qoxusunu ala bilir, Jan-Batist. Yoxsa burada da bir illuziya var?
Nəticədə, hər caninin bir “ali irq” kimi üstünlük bəhanəsinə ehtiyacı vardır. Eynilə şiddət göstərən insanların “uşaqlıq travmaları”-nın arxasında bir səbəb-nəticə əlaqələndirməsi ilə gizlənməsi, gizlədilməsi kimi.
Jeanne-nin şüşə arxasındakı cəsədinin ifşa olunmasına çox yaxın ikən, Jan-Batistin Dominique Druot ilə olan dialoquna diqqət yetirin. Dominique distillə edilmiş suyun ətrini qiymətləndirərkən: “heç bir fərq görmürəm” deyir. Bəlkə də o əsrarəngiz ətir, əslində, heç yoxdur.
İnsanlar isə Jan-Batistin sahib olduğu damlaların ətrinə deyil, ümumiyyətlə, seriyalı qatillərin də özəlliklərindən biri olan o müəmmaya cəzb olunur.
Hər yalanda bir həqiqət, hər həqiqətdə bir yalan vardır.Bəs Jan-Batistin yalanı nədədir?
Yalanın ömrü 40 gün olar
Hər birimiz zalımlığın, yalnızca, caniliklə məhdudlaşmadığı ilə razıyıq, elə deyil?
Var olma böhranından çıxmaq üçün Jan-Batist ətir yaratmağı bir məqsəd seçir. Burada ətir yaratmaq istəyi bir həqiqətdir. Onun yalanın izləri isə, bu məqsəd üçün çıxdığı yolda məhz zamanla aşkara çıxacaqdır.
Oğurluq izləri
Oğurluq, adətən, bir əşyanı, pulu və s. oğurlamaqla anılır. Halbuki, o materiya ilə məhdud deyildir. Məsələn, Jan-Batist:
Ətrinə sahib olmaq istədiyi qadınların razılığını almır – onların ətrini sadəcə oğurlayır.
Fahişəyə xidmət qarşılığı pul təklif etməsinə rəğmən ondan xidməti deyil, məhz canını alır – oğurluq edir.
Edama toplanan camaatı heyranlığını bir hiylə ilə (ağıllarını bir ətirlə başlarından alaraq) alır – onların hislərini oğurlayır.
İnsanların canına qıyarkən, onların həyatını oğurlayır.
Və s.
“Mən”-in hər şey üzərindəki üstünlüyü
Filmin sonuna doğru olan edam səhnəsini yenə önəmlidir. Burada insanların cinsəl münasibətdən zövq ala bilməsi Jan-Batisti təsirləndirir, məyus edir. Bəlkə də hər şey başqa cür ola bilərdi, deyə sorğuladığı anda „gavalı daşıyan qız“-ı xəyal edir.
Xəyalında belə sorğulamaq, qarşı tərəfin də hislərinə maraq duymaq yerinə, o qızın Jan-Batisti sevməmə ehtimalına yer vermir. Jan-Batist əmindir ki, canına qıymasa idi, qız tərəfindən arzulanacaqdı. Axı o biri tərəfindən arzulanmaya bilməz, elə deyilmi?

Bəs hakimlər kimdir? („Ağıldan bəla“, Aleksandr Qriboyedov)
Filmdəki yeganə zalımlıq timsalı Jan-Batist deyildir. Onun gizli heyranları və dəstəkçiləri çoxdur.
“Qızımı niyə öldürdün?”, deyə soruşan ataya hər dəfəsində “(mənim) ona sadəcə ehtiyacım var idi” deyərkən qızcığazın (Laure Richis) nə istəyib-istəməməyinə göstərdiyi duyğusuzluğa diqqət edin. Eynilə, ata Antonie Richis kimi.
Antonie-nin qızının itkisi ilə üzülmə səbəbi onun bir qətlə qurban olması deyil, məhz bu „qurban etmə“ zövqünü bir başqasına qapdırmaq idi.
Qızını „sevərkən“ belə, onun nə istədiyini deyil, məhz özünün qızı üçün nə istədiyinə önəm verirdi. Bu kibirinin zəhərinə elə məhz Jan-Batistin önündə diz çökdüyü anda məruz qalır.
Antonie-nin yaşadığı ruh halı günahkar axtarmaqdır. Bu halın ortası yoxdur: o ya hər kəsin üstündə, ya ayaqlar altındadır.
Eynilə mühakiməyə toplanan camaat kimi: Bir ətir (müəmmanın təsiri ilə yaranmış illuziya) ilə alçaltdıqlarını müqəddəsləşdirməyə, gizli heyranlıqlarını ifşa etməyə düçar oldular.
Mühakimə etməmək, hələ haqq qazandırmaq demək deyildir.
(büt)Pərəstlik
Qeyri-müəyyənliyə, müəmmaya olan dözümsüzlük insan ağlını bir inanc obyektinə sürükləyir. Kimisi üçün bu obyekt bir taxta heykəl, kimisi üçün bir şəxsiyyət, bir başqası üçün aşiq olduğu insan, yaxud bir düşüncə-ideya ola biləcəkkən, Jan-Batist üçün bu obyekt bir ətirdir.
Ətir Jan-Batistin bütü idi. Jan-Batist özü isə onu mühakimə etməyə yığışanların bütünə çevrilmişdi.
„Mükəmməl qurban“
Antonie qızına öz iradəsinin əhəmiyyətsizliyini aşılayaraq böyüdür. Öldürülərkən Laure-nin qışqırığı belə duyulmur. Qızcığaz gözlərini açıb qatilə baxarkən sanki qorxu daxil, heç bir hiss duymur. Çünki öyrəndiyi bir şey var – öz istəyinin heç bir əhəmiyyəti yoxdur.
Görəsən, Laure həyatının son anında atasının ona öyrətdiyi dünyaya aldanaraq öz istəyinin heç bir əhəmiyyəti olmadığına inandımı? Yoxsa müqavimət göstərdimi yaşamaq üçün? – Zənn etmirəm.
Maarifçiliyin məğlubiyyəti
Anladığım qədərilə, əsər maarifçiliyi də zalımlıq, əxlaqsızlıq müstəvisində tənqid edir.
Edam səhnəsində „gavalı daşıyan qız“-ın xəyalını qurarkən Jan-Batist əslində ətir yaratmaqdan və ya toplanan camaatın nümunəsitək sevişməkdən həzz almadığını anlayır. Maarifçilərin insan və cəmiyyətlərdə nail olmağa çalışdığı bir aydınlanma yaşayır Jan-Batist.
Halbuki bu aydınlanma onu yolundan döndərmir. Əksinə, artıq öz amalına daha əmin addımla irəliləyir. Öz xislətinə sadiq olaraq, bir qətllə tamamlayır ömrünü. Eynilə onu mühakimə edən camaatın, yaşadığı pornoqrafiyadan sonra heç nə olmamış kimi həyatlarına davam etməsi tək.
Maarifçiliyin zalımlığa edə biləcəyi yeganə təsir, sadəcə, daha „intellektual“ zalımlar yetişdirə bilməsidir.
Alim olmaq asandır, adam olmaq çətin.

Acgözlük
Bəs Jan-Batist Qrenuyun misalında, bir zalım bu həyatdan nə istəyir?
– Hər hansı bir xeyirxahın birinə yaxşılıq edərkən hiss etdiyini istəyir – onun mütləq ki, bir adı olacaqsa, gəlin ona həzz deyək.
Lakin Jan-Batistin bu həzz düşkünlüyü acgözlüklə lənətlidir. Necə ki, bir xeyirxahın acgözlüyü onu fədakara çevirir, eləcə də bir zalımın doymazlığı onu başqalarını fəda etməyə itələyir.
Ölüm döşəyində müəlliminə „bir ətri necə tutmağı və sonsuzadək təkrarlamağı (saxlamağı) öyrənmək “ istədiyini deyir. Jan-Batistin bu ifadəsindəki "ətir" bir insan qətlindən aldığı və hər səfər tükənən o həzzi simvolizə edir.
Xalqın önündə „gavalı daşıyan qız“-ın xəyalı ilə aydınlanarkən, o artıq bilir, istədiyi, həzz aldığı şey, əslində, ətir hazırlamaq deyil, qətlin özüdür.
Aydınlanmanın ardından etdiyi əməldə gizlidir əsl xisləti. O sadəcə bir qatil deyil, ruhunu qətl törətməklə doydurmağı seçən bir acgözdür.
Yoxsa niyə qətl edə biləcəyi onca canlı varkən, qətlin əvvəllər dadmamış olduğu yeni bir formasını seçsin ki? Jan-Batist bu səfər „ətrini“ əvvəlkindən daha uzun müddət qoruyub-saxlaya bildiyi, uzun və iztirab dolu qətl formasını seçir - öz qətlini.
Yekun
Bu əsər, hər nə qədər qaranlıq məzmunda olsa da, heyranlıq və nifrətin vəhdətindən – sanki bir növ eşqdən bəhs edir. Bu eşq, sonda bir ayna olaraq peyda olan, həmin o illuziyaya yönəlir.
Həyatda kimisi bir ideyaya, tarixi şəxsiyyətə, sevgilisinə, bir yadigara, peşəsinə, bir fəaliyyətə və s., platonik və ya romantik olsun, aşiq olur. Lakin, bəziləri eşqin bir gün tükəmməsini bir itkitək qəbul edərkən, bir başqaları onun uğrunda özünü, yaxud başqalarını həlak etməyi seçir.
"Səni sevmək və lənətləmək istəyirəm" (Rammstein - Deutschland)
Comments